Ãëàâíàÿ ñòðàíèöà

 




 

Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası 1980-ci ildə təşkil olunmuşdur

Bu tədris müəssisəsi hal-hazırda məktəb-studiyanın direktoru olan professor Tərlan Seyidovun təşəbbüsü ilə konservatoriya tələbələrinin istehsalat təcrübəsinə yiyələnməsi məqsədilə yaradılmışdır.

Geniş profilli musiqi kadrlarının yetişdirilməsində yalnız pedaqoji təcrübənin deyil, tələbələrin məktəb-studiyada keçdiyi ifaçılıq, mühazirəçilik, konsertmeysterlik və s. təcrübə növlərinin də mühüm rolu var.

Məktəb-studiyanın Azərbaycan RespublikasıTəhsil Nazirliyi tərəfindən 1991-ci ildə təsdiq olunmuş Əsasnaməsində qeyd olunduğu kimi, bu tədris ocağında tələbələrin istehsalat təcrübəsi ilə yanaşı, həm də musiqi pedaqogikası və tədris metodikası sahəsində tədqiqat-təcrübə işi aparılmalıdır, respublikanın uşaq və orta ixtisas musiqi məktəbləri müəllimlərinin ixtisasının artırılması üçün şərait yaradılmalı, gənc nəslin musiqi tədrisi yüksək səviyyədə təşkil edilməlidir.

Həm şagird, həm də tələbələrin birgə dərs aldığı məktəb-studiyanın özünəməxsusluğu həm də ondan ibarətdir ki, burada ənənəvi təlim-tərbiyə işi ilə yanaşı geniş elmi-metodiki iş də aparılır. Təsadüfi deyil ki, məktəb-studiyada tədris işləri bölməsi (direktor müavini - Sevda Məmmədova) və eyni zamanda elmi-metodiki hissə (direktor müavini - sənətşünaslıq namizədi Kamilə Dadaş-zadə) fəaliyyət göstərir. Elmi-metodiki axtarışlara müəllimlərdən əlavə təcrübəçi-tələbələr də cəlb olunurlar. Onlar məktəb-studiyanın Musiqi Akademiyasının müvafiq kafedrları ilə birlikdə keçirdiyi elmi-praktiki konfranslarda, seminarlarda, pedaqoji qiraətlərdə daim fəal iştirak edirlər. Təcrübəçi - tələbələrlə aparılan eksperimental işin nəticəsində məktəb-studiyada elmi tədbirlərin tamamilə yeni bir növü – elmi-ifaçılıq konfransı tətbiq olunur. Ümumiyyətlə, məktəb-studiya müəllimlərinın elmi fəaliyyəti musiqi pedaqogikası sahəsində tamamilə yeni səciyyəli tədbirlərin həyata keçirilməsinə təkan vermişdir.

Bu baxımdan “Azərbaycan bəstəkarlarının əsərləri tədris repertuarında” festivalının (1989-cu il) keçirilməsini məktəb-studiya pedaqoji kollektivinin elmi-metodiki axtarışlarının parlaq təzahürü hesab etmək olar.

Məktəb-studiyanın 10 illik yubileyinə həsr olunmuş Ümumittifaq elmi-praktiki konfransda qeyd olunduğu kimi(1991-ci il) özünün elmi nəticələrinə görə respublika musiqi pedaqogikasının inkişafında önəmli rol oynamışdır. Məktəb-studiya tərəfiindən təşkil olunan qeyri-adi tədbirlərin bir nümunəsi kimi 1994-cü ildə keçirilən gənc caz musiqi ifaçılarının I festivalını da qeyd etmək olar. Gənc musiqiçilər arasında caz musiqisinin ən yüksək, klassik nümunələrinin təbliği, onların bu yöndə düzgün istiqamətləndirilməsi həmin festivalın əsas məramı olmuşdur. Məktəb-studiyada ilbəil, artıq ənənəvi xarakter almış “Azərbaycan musiqi pedaqogikası müasir mərhələdə: problemlər və axtarışlar” mövzusunda elmi-praktiki konfrans keçirilir.

Məktəb-studiya pedaqogika və tədris metodikası sahəsində tədqiqat və təcrübə-eksperiment işinin aparılması üçün yaradıcılıq laboratoriyası vəzifəsini də icra edir. BMA-nın və məktəb-studiya müəllimlərinin bir sıra mühüm metodiki işləri, bütün musiqi fənləri üzrə müasir tələblərə uyğun olan tədris proqramları tərtib olunmuşdur ki, bunlar da respublikanın musiqi məktəblərinin tədris-təlim prosesində geniş tətbiq olunur.

Təsadüfi deyil ki, bünövrəsini axtarışlar, eksperimentlər təşkil edən məktəb-studiyanın nəzdində respublikada ilk dəfə olaraq Uşaq Musiqi teatrı yaradılıb (1986-cı il). Bu qeyri-adi teatrın meydana gəlməsinə ilk növbədə məktəb-studiyada ənənəvi fənlər silsiləsinə daxil edilmiş “Opera hazırlığı” sinfi səbəb olmuşdur. Musiqi teatrının fəaliyyət göstərdiyi illər ərzində yüksək bədii zövq və əsl peşəkarlıqla hazırlanmış 10-dan artıq tamaşa səhnə üzü görmüşdür. (Soltan Hacıbəyovun “İsgəndər və Çoban”, Bencamin Brittenin “Gəlin operanı tamaşaya qoyaq”, Şirvani Çalayevin “Mauqli”, Sevda İbrahimovanın “Biri var idi, biri yox idi”, Tofiq Quliyevin və Ədilə Yusifovanın “Cəmilənin albomu” və s.). Maraqlı haldır ki, operaların əksəriyyəti ilk dəfə olaraq məhz Uşaq Musiqi Teatrının təfsirində öz səhnə təcəssümünü tapmışdır.

Hər hansı bir tədris ocağının işinin səmərəliliyi ilk növbədə orada təhsil alan şagirdlərin müvəffəqiyyətləri ilə ölçülür. Bu baxımdan qeyd etmək lazımdır ki, məktəb-studiyada təhsil alan şagirdlər arasında Beynəlxalq, Respublika müsabiqə və festivallarının qalibləri də az deyil. Bu gənc istedadların arasında ilk növbədə Beynəlxalq müsabiqələrin laureatları Ruslan Biryukovun (violonçel), Tərlan Rəhimovanın (fortepiano), Kamilla Hacıyeva-Tsiperoviçin (skripka) adları xüsusilə qeyd olunmalıdır.

Heç şübhəsiz ki, bu qələbələrin arxasında məktəb-studiyada müxtəlif illərdə çalışan professor-müəllim kollektivinin əməyi durur. Orta ixtisas musiqi məktəb-studiyasında pedaqoji fəaliyyətlə məşğul olan Bakı Musiqi Akademiyasının professorlarından Gülnaz Abdullazadə, Elxan Babayev, Tərlan Seyidov, Nəzmiyyə Abbaszadə, Ələkbər İsgəndərov, Bəhram Məmmədzadə, Rauf Nərimanbəyli, Tahirə Yaqubova, İmruz Əfəndiyeva gənc musiqiçilərin istedadlarının inkişafı istiqamətində öz əməyini əsirgəmirlər.

Məktəb-studiyanın keçdiyi yol onun 20 illik yubileyinə həsr olunmuş kitabda öz əksini tapmışdır.

Orta ixtisas musiqi məktəb-studiyada fortepiano, orkestr alətləri, xalq çalğı alətləri şöbələri, kompozisiya və vokal sinfi fəaliyyət göstərir. Məktəb-studiyaya qəbul imtahanları iyun ayında keçirilir. Qəbul komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. 1 fotoşəkil (3x4 ölçüdə);
2. doğum haqqında şəhadətnamənin surəti;
3. yaşayış yerindən arayış;
4. sağlamlıq haqqında arayış;
5. valideynlərin iş yerindən arayışlar.

Məktəb-studiyanın telefonu: 93-19-17.

 

 



Copyright by BMA & Musigi Dunyasi