Ãëàâíàÿ ñòðàíèöà

 



Təməli Üzeyir Hacibəyov tərəfindən qoyulan Bülbül adına Orta İxtisas musiqi məktəbi Azərbaycanda unikal tədris sisteminə malik tədris ocağıdır

20-ci illərin sonlarında yaranan musiqi məktəbi özünün hal-hazırki statusunu alana qədər uzun, islahatlı bir yol keçmişdir.

Hələ 1921-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Xalq Maarif Komissarlığının təqdim etdiyi proqramda musiqi təhsilinin üç pillədən ibarət olacağı nəzərdə tutulurdu. 1926-1928 illərin islahatlar proqramlarında musiqi təhsilinin «üç pilləliyi» qəbul edilir. Məktəbin sistemli tədrisi məhz bu ildən yoluna qoyulur.

1930-cu ildə məktəbin proqramı yenidən təkmilləşdirildi. Olduqca maraqlı məşğələlər keçirilir. Əsrimizin görkəmli sənətkarlarından Q. Qarayev, C. Hacıyev, T. Quliyev, M. İsmaylov, F. Quliyeva, M. İsrafilzadə və milli musiqimizin bir sıra görkəmli nümayəndələri bu dövrün şagirdləri olmuşlar.

1931-ci ildə yeni islahat tədbiri keçirilir – məktəbin İ pilləsinin bazasında 60 şagirddən ibarət olan uşaq musiqi qrupu təşkil edilir, 1933-34-cü illərdə yüksək musiqi qabiliyyəti göstərən uşaqlardan Gənc istedadlar qrupu ayrılır. Artıq 1935-ci ildə qrupda 44 uşaq təhsil alırdı.

Üzeyir Hacibəyovun şəxsi təqdimatı və Xalq Maarif Komissarlığının İncəsənət şöbəsinin 13 sentyabr 1937-ci il tarixli qərarı ilə Kövkəb xanım Səfərəliyeva bu məktəbə direktor təyin edilir. Ciddi və prinsipial mövqeyə, peşəkar məsuliyyət hissinə malik olan Kövkəb xanım, Üzeyir Hacıbəyovun dəstəyinə arxalanaraq məktəbdəki təhsil-təşkilatı, metodik kadr hazırlığı işlərinə rəhbərlik edir.

İlkin tədris planına musiqi tərbiyəsi, ritmika, musiqi savadı, elementar nəzəriyyə, harmoniya fənninin hazırlıq dövrü, ümumi fortepiano, fortepiano ansamblı dərsləri daxil idi.
Gənc istedadlara Azərbaycan Dövlət Konservatoriyasının professor və müəllim heyətində və bilavasitə Üzeyir Hacibəyovdan dərs almaq xoşbəxtliyi nəsib olub.

1937-38-ci tədris ilində Azərbaycan SSR-nin Xalq Maarif Komissarlığı incəsənət şöbəsinin qərarı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində (Moskva və Leninqrad Konservatoriyalarının nəzdindəki mərkəzi musiqi məktəbi – MMM tipli) təhsil sistemi yaradılır və «Gənc istedadlar qrupu» yenicə yaranmış mərkəzi musiqi məktəbinə daxil olub həmin məktəbin özəyini təşkil edir.

1938-1939 tədris ilində Azərbaycan Dövlət Konservatoriyasının (ADK) nəzdində keçirilən Mərkəzi Musiqi Məktəbi yeni adla öz fəaliyyətini davam etdirir.
.

Mərkəzi Musiqi Məktəbində fortepiano, simli alətlər (arfa daxil olmaqla) şöbələrindən əlavə orkestr şöbəsi də fəaliyyətə başlayır. Bu şöbəyə ağac və mis alətləri daxil edilir. 1938-ci ildə dərs planına kamera ansamblı sinfi və musiqinin tarixi kursu da əlavə olur.

1939-1940-ci illərdə aparılan əsaslı islahatlardan biri məktəbdə azərbaycan və rus bölmələrindən ibarət ümumtəhsil şöbəsinin açılışı olur. Mərkəzi musiqi məktəbində təhsil müddəti on il müəyyən edilir. Məktəb  ADK-nın nəzdində «10 illik musiqi məktəbi» adlanaraq müstəqil həyatına qədəm qoyur.

1938-ci ildə şagirdlərdən ibarət orkestr təşkil edilir. Orkestrə ilk öncə M.P.Anosov, 1940-ci ildən isə A.S.Şvarts rəhbərlik edir. Eyni zamanda məktəbdə «Unison» simli alətlər ansamblı fəaliyyətə başlayır. Təcrübəli müəllim M.V.Reytix ansamla rəhbərliyi öz üzərinə götürür.

1937-ci ildən fəaliyyət göstərən «Uşaq yaradıcılığı» sinfinə 1939-cu ildə Boris Zeydman rəhbərlik etməyə başlayır.

Müharibə dövrü və müharibədən sonrakı illərdə məktəbi bitirənlərdən T.Atakişiyev, A.Neyman, Y.Quliyev, L.Mirtin, E.Topçubaşova, A.Sadıqov və Ə.İsazadə, R.Nərimanbəyli, T.Quliyev, 40-cı illərin ilk beynəlxalq müsabiqələr laureatı A.Abdullayev və M.Orucov, K.Abdullayev, T.Mahmudova, S.Əliyev, A.Rzayev, A.Şaroyev, T.Bakixanov,N.Əliverdibəyov, T.Quliyeva və başqaları olmuşlar.

1952-1962-ci illərdə məktəbə R.İ.Çaykovski adına Moskva Konservatoriyasını yenicə bitirmiş, məktəbin məzunu Tahir Atakişiyev rəhbərlik edir.

Bu illərdə Zaqafqaziya Respublikaları arasında dostluq münasibətləri genişlənir. Musiqi təhsili ocaqları arasında təcrübə mübadiləsi yaranır. Konsert yarışlarında istedadlı şagirdlərdən V.Adıgözəlov, S.Qəniyev, E.Səfərova, R.Quliyev, R.Kərimov, S.Korş, C.Sadıqova və başqaları uğurla çıxış edirlər.

Məktəbin istedadlı şagirdlərinin hesabat konsertlərində çıxış etməsi, seçilənlərin bilavasitə maestro Niyazinin rəhbərlik etdiyi Dövlət Simfonik orkestri ilə çıxış etmək hüququna malik olması ənənəyə çevrilir. Məktəbdə aparılan mühüm islahatlardan biri də nəzəriyyə şöbəsinin açılışı olmuşdur.

1948-1958 – ci illər ərzində gələcəkdə Beynəlxalq və Ümumittifaq səviyyədə tanınan vətənimizin musiqi xadimləri və ədib-şairlər sırasında – X.Mirzəzadə, V.Adıgözəlov, Anar, R.Abdullayev, A.Əlizadə, Y.Səməd oğlu, V.Səməd oğlu, S.Qəniyev, E.Mahmudov-Sabit oğlu, R.Zəka, Z.Adıgözəlzadə olmuşlar.

70-ci illərdə məktəbdə fortepiano, nəzəriyyə, simli və xalq çalğı alətləri şöbələri fəaliyyət göstərir. Simli alətlər şöbəsinə nəfəsli alətlər, nəzəriyyə şöbəsinə xor dirijoru bölmələri əlavə olunur. Orkestr şöbəsinə və bilavasitə «Unison» skripka ansamblına İ.Spivak rəhbərlik edir.

İstedadlı şagirdlərin arasında bəstəkarlar İ.Hacıbəyov, F.Hüseynov, E.Dadaşova, İ.Hacıyev, İ.Abdullayev, pianoçulardan T.Şəmsiyev, R.İsmaylova (orqan), simli alətlər qrupundan A.Əliyev (skripka), T.Göyçayev (skripka) kimi şagirdlər fərqlənirlər.

1980-ci ildə məktəbin Milli Çalğı Alətləri şöbəsində xanəndə bölümü açılır. Bura Azərbaycanın müxtəlif guşələrindən Respublika müsabiqələrində iştirak edib qalıb gələn balaca xanəndələr qəbul olunur. Bu şagirdlərlə Respublikanın tanınmış sənətkarları – xalq artistləri Ş.Ələkpərova, A.Babayev, İ.Rzayev, az sonra isə Ə.Məmmədov dərs keçirlər. Seçilmiş şagirdlər arasında A.Ağayevi, Z.Vəliyevi, İ.Salmanovu və hal-hazırda məktəbdə dərs deyən N.Məmmədovanı göstərmək olar.

1985-ci ildə məktəbə rəhbərlik etmək məktəbin məzunu olan Faiq Daşdəmirova həvalə edilir.

1992-ci ildə məktəbə musiqişünas, fəlsəfə elmləri namizədi Nigar Cərulla qızı Əsgərova rəhbərlik edir. Məktəbin tədris-tərbiyə işlərini direktor müavini Sona İbrahimova aparır. Bu illər məktəbin tarixinə müstəqillik, islahat və bərpa illəri kimi daxil olur.

Məktəbin rəhbərliyi, şöbə müdirləri yeni proqramların üzərində işləyir, onları Azərbaycan dilinə tərcümə edirlər. Tədris planlarında «Azərbaycan dili və ədəbiyyatı», «Azərbaycan musiqisinin əsasları» fənlərinin saatları artırılır. «Azərbaycan xalq yaradıcılığı» fənni tədris edilir, xor dirijorluğu və bəstəkarlıq fakültətiv dərsləri tam ixtisas fənləri kimi tədrisə salınır. Məktəbdə 1995-ci ildə xor kollektivi, 1996-cı ildə xalq çalğı alətləri orkestri, 1997-ci ildə simfonik orkestr yaradılır.  Azərbaycanın xalq artisti, professor Azər Rzayevin rəhbərlik etdiyi Uşaq Simfonik orkestrinin konsertləri musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. 1992-ci ildən Teymur Göyçayevin rəhbərliyi ilə yaranan, Azərbaycanda böyük müvəffəqiyyət qazanan və xarici qonaqları valeh edən «Tutti» Uşaq Kamera orkestri də fəaliyyət göstərir.

Şagirdlər ilə «ustalıq dərsləri» keçmək üçün Amerikadan, Rusiyadan tanınmış ifaçılar, sənətkarlar, professorlar, xarici incəsənət nümayəndələri gəlir, tədrisin keyfiyyəti haqda müsbət rəylərini bildirirlər. Respublikanın prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlmiş dünya şöhrətli Mstislav Rastropoviç və Bela Davidoviçin apardıqları ustad dərsləri xüsusilə səmərəli keçmiş,  müəllim və şagirdlərin yaddaşında silinməz izlər buraxmışdır.

Bu illər ərzində məttəbin şagirdləri böyük və kiçik konsert proqramları ilə Bakının müxtəlif mədəniyyət və incəsənət ocaqlarında, dövlət səviyyəli tədbirlərdə konsert proqramları ilə çıxış edirlər.

1993-1998-ci illər məktəbin həyatına müsabiqələr ili kimi də daxil olub.

Bu illərdə şagirdlərimiz respublikada keçirilən bütün müsabiqələrin və festivalların fəal iştirakçıları və qalibləri olurlar. Onlar Dövlət səviyyəli konsertlərdə iştirak etmək üçün dəvət olunur, mütəmadi olaraq Respublika sarayında keçirilən tədbirlərdə çıxış edirlər.

1993-cü ildə Alma-Atada keçirilən simli alətlər üzrə beynəlxalq müsabəqəyə göndərilən şagirdlər – R.Mustafayev, Ü.Əhmədova, A.Yusifov, N.Mövsümova qalib olaraq vətənə qayıdırlar. Bu müsabiqədən T.Göyçayev «əla müəllimlik fəaliyyətinə» görə, Ü.Quliyeva «əla konsertmeyster» fəaliyyətinə görə diplomlarla təltif olunurlar.

Həmin illər tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə məktəbin daxilində konsertmeyster sinfi, fortepiano ansamblı, fortepiano, simli alətlər, xalq çalğı alətləri üzrə mütəmadi olaraq müsabiqə və festivallar keçirilir.

1994-cü ildə S.-Peterburqda «Yeni adlar» assosiyasiyasının keçirdiyi festivalda N.Mövsümova festivalın təqaüdçüsü olur.

1996-1998-ci illərdə Ttəhsil Nazirliyi Asəf Zeynallı adına Respublika müsabiqələri keçirir. Hər iki müsabiqədə aparıcı yeri Bülbül adına OİMM tutur.

1997-ci ildə milli Çalğı alədləri üzrə bir sıra müsabiqələr keçirilir. «Muğam», «Kənan» mərkəzlərinin  və görkəmli tarzən, Azərbaycan Xalq artisti, professor R.Quliyevin keçirdiyi «Sadıqcan» adına müsabiqələrdə şagirdlərimiz laureat, diplomant adlarına layiq görölüb yüksək nailiyyətlər əldə edirlər.

1996-cı ildə «Azərbaycan mədəniyyətinin Dostları Fondu» nun sponsorluğu ilə məktəb N.Əliverdibəyov adına Gənc ifaçıların I müsabiqəsini keçirir. 1998-ci ildə həmin adla keçirilən II müsabiqəyə, məktəbə xeyriyyəçilik məqsədi ilə kömək etmək arzusunda bulunan Beynaxalq Neft Şirkəti «TEKSAKO» SPONSORLUQ edir. Qeyd edək ki, məktəbin nailiyyətləri və bilavasitə Uşaq Simfonik orkestrinin müvəffəqiyyətli çıxışları ilə yaxından tanış olan bu şirkət həmin il məktəbə musiqi alətləri və ləvazimatlar bəxş edir. Nigar Cərulla qızı tərəfindən qələmə alınan məktəbin tarixi və nailiyyətləri haqqında yazısı Amerikada nəşr edilən «Azerbaijan international» jurnalında dərc edilir.

Şagirdlərin milli dəyərlərimizlə dərindən tanışlıq və bilavasitə təmasda olmaq məqsədi ilə məktəbdə Azərbaycan bəstəkarlarından A.Məlikov, X.Mirzəzadə, M.Mirzəyev, Ə.Əzizov və digərləri ilə görüş  keçirilir.

1999-cu ildə məktəb şanlı 70 illik yubileyini keçirdi. Bu əlamətdar hadisə ilə əlaqədar məktəbimizin şagirdləri şəhərəmizin bir çox zallarında konsert proqramı ilə çıxış etdilər. Bu sırada Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında, İncəsənət muzeyində keçirilən konsertləri göstərmək olar. Yubiley konsertlərinin təntənəli bağlanışı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında keçirilmişdir. Gecəyə respublikamızın görkəmli elm və mədəniyyət xadimləri, tanınmış bəstəkarlar, şairlər, kinorejissorlar, dramaturqlar dəvət edilmişdilər.

1999-cu ildə məktəbin nəzdində R.Abdullayevin rəhbərliyi ilə kamera kvarteti təşkil edilib. Kvartetin solistləri həm Bakıda, həm şəhərimizin hüdudlarından uzaqlarda böyük müvəffəqiyyətlə çıxış edirlər.

2001-ci  ilin  mayında N.Əliverdibəyov adına III ümumşəhər müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində beynəlxalq neft şirkəti «BP», «Devon» və «AzEvroTel» birgə müəssisəsi məktəbə maddi və mənəvi dayaq olmuşlar. Bu müsabiqələrdə uşaqlar yüksək professionallıq göstərərək bir çox mükafatlara layiq olmuşlar.

Məktəb, dünyasını dəyişmiş görkəmli bəstəkarlara – Q.Qarayevə, D.Şostakoviçə, S.Raxmanova və mərhum müəllimlərinə – A.Sadıqova, S.Məmmədyarovaya ehtiram hissi ilə yanaşaraq onları xatirə gəcələrində yad edir, konsertlər keçirilir.

Eyni zamanda mütamadi olaraq həyatlarını, yaradıcıqlarını məktəbə həsr etmiş müəllimlərin yubiley gəcələri keçirilir: E.Məcidovanın, N.Tabasaranskayanın, T.Rüstəmovanın, İ.Abdullayevin, E.Sadıqovanın, L.Ümidin şagirdləri geniş konsert proqrammları ilə yubilyarları təbrik edirlər.

Bülbül adına OİMM Azərbaycan musiqi mədəniyyətinin daim çağlayan çeşmələrindən biriidir. Şagirdləri üçün bu məktəb təkcə örnək deyil, tanınmış, görkəmli şəxsiyyətlər yetişdirən, eyni zamanda «keyfiyyət möhürü» qazanmış professionallar tərbiyə edən bir təhsil ocağıdır.

.





Copyright by Musigi Dunyasi